Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə çox böyük məna daşıyan fenomendir. Həyatı daim xalq və haqq yolunda mübarizədə keçən Ümummilli lider Heydər Əliyev məhz fitri istedadı, yüksək intellekti, iti yaddaşı, rəhbərlik məharəti, cəsarəti, güclü iradəsi, idarəçilik mədəniyyəti ilə bütün çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Ulu öndərin islahatlar yolu, Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ 1969-1982-ci illərdə özünü büruzə vermişdir. Həmin dövrdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrini təşkil edir. Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin təməli Ümummilli lider Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışı ağır bir dövrə təsadüf edirdi. Elə bir dövrə ki, ölkədə anarxiya, xaos, özbaşınalıq baş alıb gedirdi. İqtisadiyyatı tamamilə dağıdılmış bir ölkəyə başçılıq etmək böyük məsuliyyət tələb edirdi. Belə bir məsuliyyətin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi. İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Sosial-siyasi vəziyyətin ağır olmasına baxmayaraq iqtisadi tənəzzülün və böhranın qarşısını almaq üçün mühüm addımlar atıldı. Ulu öndərin ən böyük xidmətlərindən biri də Azərbaycanın neft sahəsində qazandığı uğuru idi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”Azərbaycanın neft strategiyasının zirvəsi oldu. Uğurlu neft strategiyasının nəticəsində Azərbaycanın iqtisadiyyatı dirçəlməyə başladı. İqtisadiyyatın güclənməsi digər sahələrə də təsirsiz ötüşmədi. Ordu quruculuğu, xalqın rifah halının yaxşılaşdırılması kimi qarşıda duran əsas məsələlər də həllini tapmağa başladı. 1995-ci ildən başlayaraq aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında ciddi irəliləyişlər əldə edilmiş, bazar münasibətlərinin dərinləşməsində həlledici rol oynayan azad sahibkarlığın təməli qoyulmuşdur. Eyni zamanda Azərbaycanın iqtisadi qüdrəti və beynəlxalq nüfuzu xeyli artmışdır. Artıq qlobal enerji layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan təkcə özünün deyil, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Böyük tarixi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu dövlətimizin iqtisadi qüdrətini artırmış, geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Cənab prezident İlham Əliyev demişkən: "Ümummilli lider Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir". Zülfü Quliyev,Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi